2. Tərbiyənin xüsusiyyətləri
3. Tərbiyənin məzmunu
1. Tərbiyənin mahiyyəti, hərəkətverici qüvvələri
Tərbiyə prosesini elmi əsasda qurmaq üçün onun mahiyyətini düzgün başa düşmək lazımdır.
Pedaqogika tarixində tərbiyəyə müxtəlif baxışlar olmuşdur. Orta əsrlərdə tərbiyəyə insanı idarə etmək vasitəsi kimi baxılırdı: uşaq qoyulmuş qaydalara, böyüklərin tələblərinə tabe olmalı idi. Belə tərbiyə avtoritar tərbiyə adlanırdı. Onun əsas vasitələri nəzarət, cəza, tələb, əmr, qadağan idi.
Kapitalizmin inkişafı ilə əlaqədar tərbiyəyə yeni baxışlar meydana çıxdı. Tərbiyə insanın təbii qüvvələrini inkişaf etdirən, onun sərbəst inkişafını təmin edən vasitə kimi başa düşülürdü. Bu əsasda azad tərbiyə ideyası irəli sürüldü (C.C.Russo).
XX əsrin əvvəllərində tərbiyə insana birtərəfli təsir vasitəsi kimi izah edilməyə başlandı: uşağa tərbiyənin sadəcə obyekti kimi baxılırdı, onun şəxsi fəallığı qiymətləndirilmirdi (P.Blonski, A.Pinkeviç və b.).
Sonrakı dövrdə tərbiyəyə birtərəfli baxış tənqid edilməyə başladı; tərbiyə insanın daim yeniləşməsi, mənəvi cəhətdən zənginləşməsi prosesi kimi, subyekt və obyektin qarşılıqlı təsiri, bir-birini qarşılıqlı zənginləşdirməsi prosesi kimi xarakterizə edildi (V.A.Suxomlinski).
Tərbiyəyə müasir baxış həm avtoritar, həm də azad tərbiyəni inkar edir: birinci halda tərbiyə insan şəxsiyyətini boğur, fəallığını məhdudlaşdırırsa, ikinci halda kortəbiiliyə, ifrat sərbəstliyə gətirib çıxarır. Tərbiyə insana müəyyən sərbəstlik verməklə ağıllı pedaqoji rəhbərliyi uzlaşdırmağa əsaslanmalıdır.
Müasir pedaqogika tərbiyəyə şəxsiyyətin ahəngdar formalaşması və inkişafı prosesi kimi baxır. Tərbiyəçi və tərbiyə olunan ümumi məqsəd üçün birgə qüvvə ilə çalışan fəal tərəflər kimi qəbul olunur. Tərbiyə uşağa birtərəfli təsir kimi yox, pedaqoji əməkdaşlıq kimi başa düşülür.
Tərbiyə prosesinin dialektikası və hərəkətverici qüvvələri. Tərbiyə prosesi dialektik səciyyə daşıyır. Bu, bir neçə cəhətdə özünü göstərir: a) tərbiyə daim inkişaf edən prosesdir; b) tərbiyədə subyekt və obyekt qarşılıqlı vəhdət təşkil edir; c) ziddiyyətlər tərbiyənin hərəkətverici qüvvəsi kimi çıxış edir; ç) tərbiyə, özünütərbiyə və yenidəntərbiyə dialektik vəhdətdədir.
İnsan ətraf aləmlə çoxcəhətli əlaqə və asılılıqdadır. Bu, real tərbiyə prosesinin çevikliyini, dinamikliyini, dəyişkənliyini şərtləndirir: heç bir tərbiyə sistemi dəyişməz deyildir, heç bir tərbiyə metodu bütün hallar üçün yararlı ola bilməz.
Tərbiyənin dialektik xarakteri bu prosesdə subyekt və obyektin qarşılıqlı vəhdəti ilə də bağlıdır: tərbiyə olunan bu prosesdə təkcə obyekt kimi yox, həm də bir çox halda subyekt kimi çıxış edir. O, özünə və yoldaşlarına təsir göstərir, kollektivdə müəyyən mövqe tutur, onun ümumi xəttinin formalaşmasında iştirak edir.
Tərbiyə prosesinin dialektikası onun ziddiyyətli olmasında özünü göstərir. Ziddiyyətlər tərbiyə prosesinin əsas hərəkətverici qüvvəsi kimi çıxış edir. Ziddiyyətlər xarici və daxili olmaqla iki qrupa bölünür.
Xarici ziddiyyətlər cəmiyyətin tələbləri ilə şəxsiyyətin imkanları və tərbiyə səviyyəsi arasındakı ziddiyyətlərlə bağlıdır. İnsan cəmiyyətin (məktəbin, ailənin) tələblərini ödəmək üçün öz imkanlarını (biliyini, bacarığını, psixi qüvvələrini) işə salır. Nəticədə müəyyən müddətdən sonra cəmiyyətin tələblərinə uyğun hərəkət etməyi öyrənir. Beləliklə, öz inkişafında bir addım irəli gedir, yeni keyfiyyətlərə yiyələnir.
Daxili ziddiyyətlər tərbiyə prosesinə daxilən xas olan ziddiyyətlərdir, onun komponentləri arasındakı uyğunsuzluqlardır. Əsas daxili ziddiyyət insanın tələbatları ilə onları ödəmək imkanı arasındakı ziddiyyətdir. İnsan öz tələbatını ödəmək üçün yeni yollar axtarır; yeni vasitələrə, üsullara, əməliyyatlara, biliyə və bacarığa yiyələnir. Beləliklə, öz tələbatını ödəyir: tələbatla imkan arasında ziddiyyət aradan qalxır. Lakin təmin olunmuş tələbat zəminində yeni tələbatlar və deməli, yeni ziddiyyətlər yaranır. Proses ardıcıl surətdə davam etdikcə hər dəfə şəxsiyyətin inkişafında yeni cəhətlər, yeni xüsusiyyətlər və xassələr əmələ gəlir. Bu zəmində insan tədricən həyatı, başqa adamları, özünü dərk edir, yeni-yeni təsəvvürlərə yiyələnir. Onun motivləri, münasibətlər sistemi formalaşır, əxlaqi keyfiyyətləri, mənlik şüuru inkişaf edir.
Tərbiyədə digər daxili ziddiyyətlər də özünü göstərir: tərbiyənin məqsədi ilə məzmunu və vasitələri arasında ziddiyyət; müəllimin məqsədi ilə uşağın məqsədi arasında ziddiyyət; məktəbin planlı təsiri ilə mühitin kortəbii təsiri arasında ziddiyyət; məktəblə ailənin təsiri arasında ziddiyyət; kollektivlə fərd arasında ziddiyyət və s.
Bu ziddiyyətlərin həlli tərbiyə prosesinin səmərə və keyfiyyətini yüksəltməyə, şəxsiyyətin inkişafı üçün əlverişli şərait yaratmağa imkan verir.
Tərbiyə işi özünəməxsus xüsusiyyətlərə malikdir. Onun düzgün idarə olunması və yüksək səmərə verməsi üçün həmin xüsusiyyətləri yaxşı bilmək və tərbiyə işində nəzərə almaq lazımdır. Bu xüsusiyyətlər aşağıdakılardan ibarətdir:
1. Tərbiyə çoxamilli prosesdir. Bu o deməkdir ki, uşaq şəxsiyyətinin formalaşması çox müxtəlif amillərin təsiri ilə baş verir: məktəb, ailə, ictimaiyyət, geniş sosial mühit, məhəllə və yoldaşlıq mühiti, yaşlı adamlar, kino, televiziya, bədii əsərlər və s. tərbiyədə mühüm rol oynayır. A.S.Makarenkonun sözləri ilə desək, uşağı hər şey – adamlar, əşyalar, hadisələr, ilk növbədə isə valideyn və müəllimlər tərbiyə edir.
2. Tərbiyə uzun sürən və fasiləsiz prosesdir. O, insanın doğulduğu gündən başlayıb, bütün ömrü boyu davam edir. Tərbiyədə fasilə yoxdur: o, hər gün, hər an, hətta tərbiyəçi (valideyn) bilavasitə olmadığı dövrdə də davam edir. Tərbiyənin nəticəsi tez gözə görünmür. Buna görə də burada tələsik müsbət nəticə almaq mümkün deyildir; uşaqla gündəlik, səbirlə tərbiyə işi aparmaq lazımdır. Tərbiyəçi (valideyn) apardığı işin müsbət nəticəsini dərhal görmürsə, ruhdan düşməməlidir.
3. Tərbiyə çoxcəhətli, eyni zamanda bütöv prosesdir. Şəxsiyyətin keyfiyyətləri bir-birindən ayrı olmayıb, sıx vəhdət təşkil edir. Tərbiyə prosesində uşağın şəxsiyyəti hissə-hissə yox, bütöv proses kimi, kompleks halda formalaşır. Buna görə də, bütün tərbiyə sahələrini əlaqəli şəkildə aparmaq lazımdır.
4. Tərbiyədə xırda məsələ yoxdur; hər bir “xırda” məsələ şəxsiyyətə müəyyən təsir göstərir. Əslində, tərbiyə işi gündəlik xırda təsirlərdən ibarətdir. Səliqəlilik haqqında uşaqlarla söhbət keçirən müəllim axırda çirkli cib dəsmalı ilə əlini silirsə, bu, onun bütün söhbətinin təsirini aşağı salır.
5. Tərbiyə özünütərbiyə və yenidəntərbiyə ilə dialektik vəhdət təşkil edir. Tərbiyə məqsədyönlü, mütəşəkkil prosesdir. Tərbiyəçinin cəmi uşağın şəxsi səyi ilə birləşdikdə daha yaxşı nəticə əldə etmək olur. Buna görə də kiçik yaşlardan tərbiyə ilə özünütərbiyəni əlaqələndirmək lazımdır.
Özünütərbiyə insanın özünü təkmilləşdirmək üçün öz üzərində şüurlu, məqsədyönlü işləməsi prosesidir. Özünütərbiyənin əsas vasitələrinə özünümüşahidə, özünütəhlil, özünütərbiyə planı və ya proqramının müəyyən edilməsi, özünüinandırma (özünətəlqin), özünənəzarət, özünəhesabat, özünütərif, özünütənqid, özünüqiymətləndirmə daxildir. Yeniyetmə və gəncləri özünütərbiyə vasitələri ilə tanış etmək, bu işə həvəsləndirmək lazımdır.
Tərbiyə prosesi, bir qayda olaraq, yenidəntərbiyə ilə müşayiət olunur. Əgər kiçik yaşlardan insana düzgün tərbiyə verilərsə, sonradan yenidəntərbiyəyə ehtiyac qalmaz. Həm də nəzərə almaq lazımdır ki, yenidəntərbiyə tərbiyəyə nisbətən çətindir; o, çox vaxt və qüvvə tələb edir. Yenidəntərbiyə insanın xarakterində, rəftar və davranışında özünü göstərən mənfi keyfiyyətlərin, mənfi halların aradan qaldırılması prosesidir. Yenidəntərbiyənin əsas şərtləri mənfi keyfiyyətləri doğuran səbəbləri aradan qaldırmaqdan, insanın münasibətlər sistemini dəyişməkdən, kollektivin tərbiyəvi rolunu gücləndirməkdən, insanda özünə inam yaratmaqdan, stimullaşdırıcı tərbiyə metodlarına istinad etməkdən, insanı özünütərbiyə işinə qoşmaqdan ibarətdir. Yenidəntərbiyənin ən böyük ustası A.S.Makarenko olmuşdur; o, 3 mindən artıq nəzarətsiz, qanunpozan uşağı düzgün həyata qaytarmışdır.
Tərbiyə prosesinin əsas mərhələləri. Tərbiyə prosesi müəyyən mərhələlərdən ibarətdir. Bu mərhələləri bilmək və onlara əməl etmək tərbiyə işini düzgün idarə etməyə, şəxsiyyətin inkişafını düzgün istiqamətləndirməyə imkan verir. Tərbiyə prosesi aşağıdakı mərhələlərdə qurulur:
– düzgün davranış normaları və tələbləri ilə tanışlıq;
– həmin norma və tələblərə münasibətin formalaşdırılması: düzgün davranış motivlərinin və arzusunun aşılanması;
– ictimai davranış normalarına baxış və əqidənin formalaşdırılması;
– düzgün davranış təcrübəsinin, adətlərinin yaradılması;
– tərbiyənin özünütərbiyəyə keçməsi, insanda özünütərbiyə tələbatının yaranması.
Tərbiyə prosesi bu mərhələlərlə qurulduqda şəxsiyyətin formalaşması və inkişafını planlı və mütəşəkkil qaydada həyata keçirmək mümkündür.
Tərbiyənin məzmunu gənc nəslə aşılanacaq tərbiyə keyfiyyətlərinin məcmusudur. O, ahəngdar şəxsiyyət tərbiyəsinin bütün tərkib hissələrini özündə birləşdirir. Buraya əqli tərbiyə, elmi dünyagörüşü tərbiyəsi, ideya-siyasi tərbiyə, əxlaq tərbiyəsi, estetik tərbiyə, əmək tərbiyəsi, fiziki tərbiyə, hüquq, iqtisadi və ekoloji tərbiyə daxildir. Bu tərbiyə sahələri tərbiyənin ümumi məqsədinin həyata keçirilməsində – ahəngdar şəxsiyyətin formalaşmasında mühüm rol oynayır.
Əqli tərbiyə gənc nəsli biliklər sistemi ilə, elmi dünyagörüşü, ideya-mənəvi keyfiyyətlərlə silahlandırmağa, zehni qüvvələri, təfəkkürü inkişaf etdirməyə kömək göstərir.
İdeya-siyasi tərbiyə şəxsiyyətin istiqamətini təşkil edən ideyalar, siyasi baxış və əqidə yaratmağa xidmət edir.
Əxlaq tərbiyəsi insanda əxlaqi şüuru, müsbət davranış adətləri formalaşdırmağa istiqamətlənir.
Əmək tərbiyəsi əməksevərlik, əməyə məhəbbət, əmək bacarıq və vərdişləri tərbiyə edir, gənc nəsli psixoloji və əməli cəhətdən əməyə, peşə seçmə işinə hazırlayır.
Estetik tərbiyə böyüyən nəsli gözəllik ruhunda tərbiyə edir, onda estetik hisslər, zövq, bədii-estetik bacarıqları formalaşdırır
Fiziki tərbiyə şəxsiyyətin vacib keyfiyyətlərini – sağlamlığı, gümrahlığı möhkəmlədir, gənc nəsli əməyə, Vətən müdafiəsinə hazırlayır.
Hüquq, iqtisadi və ekoloji tərbiyə böyüyən nəsli hüquqi, iqtisadi və ekoloji mədəniyyət ruhunda tərbiyə etməklə, cəmiyyətdə yaşayıb fəaliyyət göstərməyə hazırlayır, vətəndaş kimi öz hüquq və vəzifələrini dərk etməyə kömək göstərir.
Tərbiyənin məzmunu onun məqsədi ilə, cəmiyyətin tələbatı ilə müəyyən olunur. Tərbiyənin başlıca məqsədi ahəngdar şəxsiyyət yetişdirməkdən ibarət olduğu üçün tərbiyə işinin məzmunu – bütün sahələri əlaqəli şəkildə həyata keçirilməli, ümumi məqsədə xidmət etməlidir.
Məktəbdə tərbiyə işlərinin məzmunu xüsusi proqramda öz əksini tapmışdır. Bu proqram “Məktəblilərin tərbiyə edilməsinin nümunəvi məzmunu” adlanır. Proqram dörd hissədən ibarətdir. I hissədə ümumtəhsil məktəbində tərbiyə fəaliyyətinin ümumi vəzifələri öz əksini tapmışdır. II hissədə müxtəlif yaş dövrlərində (I-IV, V-IX, X-XI siniflər) tərbiyə işinin xüsusiyyətləri ilə bağlı vəzifələr konkretləşdirilir. III hissədə ümumməktəb kollektivinin təxmini fəaliyyət növləri, IV hissədə isə məktəb, ailə və ictimaiyyətin birgə fəaliyyətinin məzmunu və formaları nəzərdən keçirilir.
Məktəb kollektivləri, sinif rəhbərləri öz işlərini planlaşdırarkən “Məktəblilərin tərbiyə edilməsinin nümunəvi məzmunu” proqramından faydalana bilərlər.