in

Mərkəzdənqaçma nasosları

 Mərkəzdənqaçma nasosları dedikdə, tələb olunan basqı və təzyiqin köməyilə mərkəzdən qaçma qüvvəsinin hesabina işçi çarxın pərlərinə daxil olan mayeni nəql edən qurğu başa düşülür.

   Əsas işçi orqanı, val üzərinə yerləşdirilmiş və korpusun daxilində firlanan işçi çarxdır. Çarx bir-birindən müəyyən məsafədə yerləşən arxa və qabaq disklərdən ibarətdir. Pərlər arasındakı mexanizm işçi çarxın iş prinsipini tamamlayır.

   Mərkəzdənqaçma nasosların iş prinsipinin əsas mahiyyəti işçi çarxın fırlanmasl ilə nasosun işləməsi zamanı onun korpusunda yaranan mərkəzdənqaçma qüvvəsidir. İşçi çarx şpon şəkili birləşmə ilə nasosun valı üzərinə yerləşdirilir. Nasosun valı isə muftanın köməyiə elektrik mühərrikinə birləşdirilir. Elektrik mühərrikinin köməyilə nasos fırlanır, ardıcıl olaraq, işçi çarxın pərlərinə daxil olan maye nasosun korpusunda mərkəzdənqaçma qüvvəsi əmələ gətirir, korpus daxilində vakkum və təzyiq yaranır. Nəticədə, maye sorucu boru vasitəsilə sorucu qola, oradan nasosa daxil olur. Bu zaman yaranan təzyiqlər fərqinin hesabına maye işçi çarxdan spiral kameraya, oradan vurucu qola birləşən təzyiq borusunun köməyi ilə təzyiq hovuzuna nəql olunur.

 

    Müasir mərkəzdənqaçma nasoslarının ən çox yayılmış tipi bilavasitə mühərriklə birləşmiş və spiral kamerası olan üfiqi vallı nasoslardır ki, onların fadalı iş əmsalı yüksəkdir. Şaquli vallı nasoslar mayelərin dərin quyulardan çıxarılmasında tətbiq olunur.

   Bu tip nasosların iş prinsipindən və təyinatından asılı olmayaraq onun işini xarakterizə edən əsas parametrlər aşağıdakılardır:
— məhsuldarlıq; m3/saat; m3/dəq; m3/san;
— güc; vt :
— təzyiq; Pa :
— basqı; m:
— FİƏ (faydalı iş əmsalı); % :
— dövrlər sayı; dövr/dəq :
– — buraxılabilən kavitasiya ehtiyat əmsalı ; m :

    Məhsuldarlıq Q – nasos vasitəsilə vahid zaman ərzində basqılı boru xəttinə vurulan mayenin miqdarıdır. Bu kəmiyyət çox vaxtı m3/saat; m3/dəq; m3/san;
Güc N – nasosun vahid zaman (saniyədə) ərzində gördüyü işdir. Güc vahidi olaraq Vatt (Vt) qəbul edilir. Güc vahidləri arasında əlaqələr : 1 Vt = 1 C/san; 1 a.q. = 736 Vt = 0,736 kVt Nasosun gücü adətən stenddə təyin edilir.
Təzyiq p – nasosun yaratdığı təzyiq, onun basqı və giriş xətlərində yaranan təzyiqlər fərqi ilə, basqı və giriş xətlərində yaranan kinetik enerjilər fərqi ilə, manometr və vakumetr quraşdırılan şaquli xətt boyunca məsafədə yaranan müqaviməti dəf etmək üçün lazım olan təzyiqlər fərqinə bərabərdir, ölçü vahidi Pa-dır.
Tam basqı H – nasosun yaratdığı basqı, mayenin nasosa daxil olmazdan əvvəl və nasosdan çıxdıqdan sonra tam xüsusi enerjisinin fərqinə deyilir, ölçü vahidi m-dir.
FİƏ η – nasosun faydalı gücünün onun gücünə (vala düşən) olan nisbətidir, %-lə ifadə edilir.
Dövrlər sayı n – nasosun rotorunun dövrlər sayıdır, dövr/dəq.
Kavitasiya ehtiyatı Δh – Buraxılabilən kavitasiya əmsalı Δh metrlə ölçülür. Kavitasiya səs-küy və vibrasiya ilə müşahidə olunur. Mərkəzdənqaçma nasoslarda kavitasiya hadisəsi işçi çarxın girişində və kürəklərdə müşahidə olunur. Nasosun kavitasiyasız işləməsi üçün nasosun girişində basqı elə qiymətə çatdırılmalıdır ki, nasosda maye axınının heç bir nöqtəsində təzyiq mayenin doymuş buxar təzyiqindən az olmasın. Kavitasiya yarandıqda nasosda aşağıdakı hadisələr müşahidə olunur:
1. Nasosun bütün hidravliki göstərişləri – məhsuldarlığı (Q), basqısı (H), gücü (N) və FİƏ (η) kəskin aşağı enir.
2. Nasos qurğusunun titrəməsi və xarakterik səs (uğultu, zərbə) eşidilir.
3. Təzyiqin ayrı-ayrı yerlərdə ani olaraq təzyiqin artması nəticəsində ən qorxulu hal, yəni maye axan kanalların eroziyası və dağılması, müşahidə olunur.

You May Also Like:  x (2017) •• ... Ana de Armas

 

Bu nasosların əsas hissələri:
— işçi çarx;
— gövdə;
— istiqamətləndirici aparat və ya spiral kamera;
— val;
— rotor;
— kipkəc düyünü;
— yastıqlar və

— kipləşdirici halqalardan ibarətdir.

 

 

İşçi çarx adətən iki diskdən ibarətdir – ön və arxa disklər. İşçi pərlər (kürəklər) bu iki disk arasında yerləşir. İşçi pərlərin sayı adətən 6-dan 8-ə qədər olur. Bir ədəd işçi çarx 3000 dövr/dəq olduqda 200…250 m basqı yarada bilir. Yüksək təzyiq yaratmaq məqsədilə çoxpilləli (yəni işçi çarxları val üzərində ardıcıl yerləşdirməklə) nasoslardan istifadə olunur. Nasosun bir pilləsinin basqısını saxlamaq şərtlə məhsuldarlığı artırmaq üçün işçi çarx iki tərəfli maye girişlə hazırlanır . Magistral neft kəmərində istifadə olunan nasosların gövdələri əsasən iki hissədən ibarət olur. İşçi çarxdan maye böyük sürətlə çıxır və onun enerjisi aşağıdakı xüsusi tərtibatlarda təzyiqə çevrilir.
İstiqamətləndirici aparat – seksiyalı nasoslarda işçi çarxdan çıxan maye axınını lazım olan istiqamətdə yönəltmək və eyni zamanda onun çevirməkdən ibarətdir. İstiqamətləndirici aparat, üzərində pərləri olan iki hərəkətsiz halqadan ibarətdir.
Spiral kamera – işçi çarxdan müəyyən sürətlə çıxan maye axınını toplayır. Spiral kameranın davamı olan konusvari genişləndiricisində (diffuzorda) sürət enerjisi təzyiq enerjisinə çevrilir.
Nasosun valı – mühərrikin burucu momentini nasosun valında tərpənməz vəziyyətdə yerləşən işçi çarxlara ötürür. Yığılmış vəziyyətdə val və işçi çarxlar birgə fırlanan nasos düyünü təşkil edir. Bu düyün rotor adlanır.
Rotor – nasosun rotoru val və işçi çarxdan və ya val ilə birlikdə bir neçə işçi çarxlardan ibarət ola bilər (çoxpilləli nasoslar). Rotora ox istiqamətində təsir edən qüvvənin təsirini azaltmaq məqsədilə iki istiqamətli maye girişi olan işçi çarxlardan istifadə edilir və ya val üzərində iki ədəd əks istiqamətli maye girişi olan işçi çarxlar yerləşdirilir. Rotora təsir edən radial qüvvələri tarazlaşdırmaq üçün spirallar qoşa olmalı və ya bir-birinə nəzərən 180° bucaq altında yerləşdirilir.
Kipkəc düyünü – nasosun ən məsuliyyətli düyünü hesab olunur, nasosun valının çıxan yerində maye sızmalarının qarşısını alır və eyni zamanda nasosda vakuum olduqda hava daxil olmasına imkan vermir. Kipkəcin pis işləməsi nasosu sıradan çıxarır və yanğın törədə bilər.
Yastıqlar – nasoslarda əsasən diyircəkli (kürəcikli, radial və radial dayaq) və sürüşmə yastıqlardan istifadə edilir. Yastıqların yağlanması aşağıdakı üsullarla aparılır: fırlanan halqa vasitəsi ilə (çiləmə üsulu) və yağ nasosu vasitəsi ilə (təzyiq altında sirkulyasiya üsulu).
Kipləşdirici həlqələr – nasosun gövdəsində və işçi çarxlar arasında qoyulur, əsasən nasosun gövdəsinin daxilində pillələr arasında maye sızmasının qarşısını alır.

You May Also Like:  Decoration suggestions according to your zodiac sign:

 

   Müasir texnikada təyinatından asılı olaraq, bir-birindən konstruktiv xüsusiyyətləri və istismar şərtləri ilə fərqlənən müxtəlif tipli mərkəzdənqaçma nasosları tətbiq olunur. Mərkəzdənqaçma nasoslarında vurulan mayenin kinematik özlülüyünün sərhədi 1,2 sm2/san-dir.
Çox özlü mayelərdə nasosun əsas parametrləri vurulan mayenin özlülüyünə görə yenidən hesablanmalıdır. Mərkəzdənqaçma nasoslarında mayenin hərəkəti qərarlaşmışdır; maye ox istiqamətində daxil olub, radial istiqamətdə çıxır.

 

  Mərkəzdənqaçma nasosları aşağıdakı xüsusiyyətlərinə görə bir-birindən fərqlənir.
1. Çarxların sayına görə: ardıcıl yerləşərsə – iki və çox pilləli (maye basqını təldricən artıran ardıcıl birləşmiş işlək çarxlardan keçir), paralel birləşərsə- birli, ikili, üçlü və i.a. nasoslar (məhsuldarlığı artırmaq üçün maye ikitərəfli daxil olur), çox pilləli nasoslarda çarxın sayı 10-16 olur.
2. İşçi çarx valının yerləşməsinə görə üfiqi və şaquli vallı nasoslar.
3. Yaratdığı basqıya görə: azbasqılı (H=50-60 m-ə qədər), orta basqılı (H=150-200 m-ə qədər) və yüksək basqılı (H250 m) nasoslar.
4. Mayenin işlək çarxdan basqı borusuna verilmə üsuluna görə: yönəldici aparatsız və ya kürəksiz, yaxud kürəkli yönəldici aparatlı (turbin nasoslar).
5. Mayenin işçi çarxa verilməsinə görə-birtərəfli girişi və ikitərəfli girişı olan nasoslar;
6. Çarxlarının dövrlər sayına görə, aşağı, orta və yuxarı olan nasoslar.
7. İşçi çarxın quruluşuna görə-açiq və bağlı işçi çrxlı nasoslar;
8. Gövdəsinin sökülmə üsuluna görə: gövdəsi üfiqi söküləbilən və gövdəsi şaquli söküləbilən nasoslar.
9. Hərəkətə gətirilmə üsuluna görə: mühərriklə bilavasitə elastik mufta ilə, reduktorla, remen və ya zəncirlə (sep) birləşmiş nasoslar;
Mərkəzdənqaçma nasoslarından müxtəlif sahələrdə- suvarmada, kimya sənayesində, dənizdə, neft məhsullarının vurulmasımda, su təchizatında, kanalizasiyada və s. tətbiq olunur.

    Mərkəzdənqaçma nasosları yuxarıdakl xüsusiyyətlərinə uyğun olaraq, bir neçə qrupa bölünür; D tipli; K, KM tipli; X, XO tipli; AX, AXO tipli; KM-tipli; TsN (ЦН), TsNS (ЦНС) tipli; ETsV (ЭЦВ) tipli; BTsP (БЦП) tipli mərkəzdənqaçma nasosları.

    D tipli mərkəzdənqaçma nasosları yüksək faydalı iş əmsalına və sorma qabiliyyətinə malikdirlər. Bu tip nasoslar mərkəzdənqaçan,ufüqi,birpilləli olmaqla iki tərəfli yarımspiral səkilində suyu işçi çarxa gətirmə və spiral səkilində suyu ötürmə xüsusiyyətlərinə malikdirlər. Sorma və təzyiq boruları korpusun aşağı hissəsində yeləşir ki,bu da su borularını və mühərriki sökmədən rotorun işçi hissələrini dəyişərkən nasosun sökülməsi zamanı heç bir mane yaratmır.Nasosun rotoru muftanın köməyi ilə elektrik mühərrikilə birgə fırlanır.Rotorun dayaqlarına ikitərəfli radial podşipniklər xidmət edir.İşçi təkər ikitərəfli girişə malikdir ki,bu da ox boyunca qüvvələr nisbətini tarazlaşdırır.
K və KM tipli mərkəzdənqaçma nasosları , bir pilləli və çıxıntılı (konsollu) olmaqla, suyu birtərəfli işçi çarxa gətirmək qabiliyyətinə malikdir. Belə nasoslar istehsalat-texniki təyinatlı təmiz suların, eləcə də, bütünlüklə su ilə eynilik təşkil edən mayelərin vurulması üçün təyin olunmuşdur. K tipli mərkəzdən qaçma nasosunun işçi çarxı aralarında onları bir konstruksiyada birləşdirən və axarlılığı çarxın firlanma istiqamətinin əksinə qatlanmış pərlər yerləşən iki diskdən ibarətdir. Nasosun əsas hissələri çuqundan hazirlanır.
X, XO, AX, AXO tipli mərkəzdənqaçma nasosları – elektrik mühərriki ilə elastik mufta vasitəsilə birləşdirilmiş birpilləli, konsollu, üfüqi (horizontal) brləşdirilmiş nasoslardır. Bu nasoslar neft-kimya, kimya və başqa sənaye sahələrində aktiv və neytral mayelərin vurulmasında geniş istifadə edilir. Bu nasoslar maye axını ilə kontaktda olan hissələrinin materialına, kipkəc düyünün tipinə, işçi çarxının diametrinə, gücünə və mühərriklərə birləşmə növlərinə görə istehsal edilir.
TsN (ЦН), TsNS (ЦНС) tipli mərkəzdənqaçma nasosları – bir tərəfli maye girişi olan işçi çarxı spiral görünüşlü,bir və iki korpuslu, horizontal, çoxpilləli nasoslarıdır. Bu nasoslar istilik elektrik stansiyalarında, neft sənayesində istifadə edilir.
ETsV (ЭЦВ) tipli nasoslar artezan quyuları üçün nəzərdə tutulmuş şaquli mərkəzdənqaçma nasoslarıdır. Bu tip elektrik nasoslu aqreqatlar şəhərin,yeyinti sənayesinin və kənd təsərrüfatının su təchizatını təmin etmək məqsədilə artezan quyularından içməli suların vurulmasında istifadə olunur. Aqreqat bir-birinə mufta ilə birləşmiş sinxron tipli elektrik mühərrikindən və çox seksiyalı mərkəzdənqaçma nasosdan ibarətdir.
BTsP (БЦП) tipli mərkəzdənqaçma elektrik nasosları məişət şəraitində, diametri 100 mm-dən çox olmayan quyularda və açıq su anbarlarından suların vurulmasında istifadə olunur. Bu tip məişətdə istifadə olunan nasoslar aktiv məhlulların vurulması üçün təyin olunmayıb.

You May Also Like:  The best food presentation ideas:

    Mərkəzdənqaçma nasoslarının təhlükəsiz iş rejimini təmin etmək üçün onu bir sira nəzarət-ölçü cihazları ilə təchiz etmək zəruridir. Belə ki, işçi çarxı, eləcə də, ümumulikdə nasosu yad cisimlərdən qorumaq üçün nasosun girişində flitr (tor, setka) və siyirtmə (zadvijka) quraşdirilması məsləhətdir. Sorucu hissədə kəsifliyin azalmasını (vakkum) ölçmək üçün vakkumetr, vurucu hissədə isə mayenin təzyiqini müıyyən etmək manometr quraşdırılır. Nasosu hidravlik udardan qorumaq üçün vurucu qolda siyirtmədən əvvəl qoruyucu klapan qoyulur. Suyun buraxılması prosesini, bağlanmasını təmin etmək və basqının məhsuldarlığına nəzarət etmək üçün təzyiq borusunda siyirtmə (zadvijka) quraşdırılır. Ümumilikdə nasos stansiyanı qorumaq, dayanma zamanı mayenin geri axınını qarşısını almaq və bütöv boru xəttini boşaltmamq üçün təzyiq borusunun ümumi hissəsində əks klapan quraşdırılır.
Mərkəzdənqaçma nasosların üstünlüyü fasiləsiz su təminatı, avtomatik idarəetmə, qurğunun sadə konstruksiyalı olması, sökülmə və yığılmasının sadəliyi, sorma yüksəkliyinin yüksək olması, yüksək faydalı iş əmsaı və möhkəmliyidir. Çatışmayan çəhəti isə gərginlikdən asılı olaraq qeyri-stanbil suyun vurulması, quraşdırılmasında özəl şərtlərin olması və s.

 

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Nasosların növləri və iş prinsipləri

D, 1D və 2D tipli nasoslar